Quru şampunlar haqqında düşüncələrim – “Лошадиная сила” vs “Elidor”

Bu günki bloqpostumun mövzusu xüsusən düz, incə telli, yağlı saçlara sahib olan xanımlar üçün asan çıxış yolu olan quru şampunlardır. Son illərdə dəbə düşən quru şampunlar saçların yuyulmadan “təmizlənməsi” üçün kəşf edilib. Qısa müddətdə bir çox firmalar öz quru şampunlarını yaratdı. Təbii ki, belə şampunlar yağlı saç tipinə sahib xanımlar üçün daha əlverişlidir. Hər gün saçları yumaq heç də həmişə mümkün olmur, bəzən heç planlaşdırmadığımız anda vacib görüş alınır. Əlbəttə quru şampunlar da elə bunun üçündür. Ancaq həm də demək olar ki, hər gün saçların yuyulması saçlar üçün ziyanlıdır. Quru şampunlar haqqında düşüncələrim – “Лошадиная сила” vs “Elidor” oxumağa davam et

Yeni Pantene Pro-V İntensiv Bərpa (Интенсивное Восстановление) kolleksiyası haqqında – təəssüratlarım

Ətrafımda olan hər kəs və blogumun daimi oxucuları saçlarımın sağlamlığı və gözəlliyinə necə önəm verdiyimi artıq bilir. Mənə görə uzun və parlaq saçlar istənilən qadın üçün gözəllik əlamətidir. İllərdir ki, saçlarımı bütün zərərli təsirlərdən qorumağa çalışıram. Ona görə də istifadə etdiyim saça qulluq vasitələri mənim üçün son dərəcə önəmlidir. Çalışıram ki, seriyaya daxil olan məhsulların hamısını birlikdə istifadə edim. Seriyanı tam şəkildə əldə edə bilməsəm belə şampunun seriyasına daxil olan balzamı mütləq əldə edirəm. Hər hansı bir seriyadan vəd olunan nəticəni əldə etmək üçün həmin seriyaya daxil olan məhsulların hamısını birlikdə istifadə etmək daha yaxşı nəticə verir. Çünki hər hansı seriyaya daxil olan hər bir komponentin məhz özünə məxsus vəzifəsi var. Təxminimcə bunu saçları barəsində həssas olan hər bir qadın çox yaxşı bilir.

Bu dəfə isə Pantene-in yeni seriyası olan Pantene Pro-V intensiv bərpa seriyasını sınaqdan keçirdim. Daha öncə də dəfələrlə Pantene Pro-V məhsullarını istifadə etmişdim. Ona görə də Pantene mənə yad bir marka deyil. Bu seriyaya isə zəif və zədəli saçlar üçün şampun, bərpaedici balzam, saç maskası və haçalanmış saç ucları üçün serum daxildir. Qablaşdırılmalarının üzərində hər birinin düzgün istifadə qaydası qeyd olunub. Hər hansı bir saça qulluq vasitəsində ilk diqqət etdiyim məqamlar qoxusu və saçlarımı yumşaltmasıdır. Saçlarımı codlaşdıran və ağırlaşdıran şampunlardan ikinci dəfə istifadə etmirəm. Bu baxımdan Pantene Pro-V nin bu seriyası məni razı salmağı bacardı.

Pantene Pro-V intensiv bərpa (интенсивное восстановление) kolleksiyası
Pantene Pro-V intensiv bərpa (интенсивное восстановление) kolleksiyası

İndi isə istəyirəm kolleksiyaya daxil olan bütün məhsullarla bağlı fikirlərimi ayrı-ayrılıqda sizinlə bölüşüm:

İlk öncə başlayaq şampundan

Qoxusunu və saçlarıma verdiyi təravəti bəyəndim. Müxtəlif şampunların seriyalarını sınamış biri kimi səmimi şəkildə deyə bilərəm ki, Pantene şampunlarının verdiyi yumşaqlığa digər heç bir şampunda rast gəlməmişəm. Bu seriyanı sınamadan öncə də buna əmin idim. Gözləntilərimi yenə doğrultmağı bacardı.

Daha bir xoşuma gələn cəhəti isə saçlarımı həcmləndirməsi oldu. Saç tellərim çox incə olduğundan şampun seçimi etməkdə adətən çətinlik çəkirəm. Çünki həcm-verici şampunlar saçlarımı codlaşdırır və parlaqlığını azaldırdı. Nəmləndirici şampunlar isə saçlarımı ağırlaşdıraraq həcmsiz və cansız göstərirdi. Pantene Pro-V-nin bu seriyası isə saçlarımı həm nəmləndirir, həm də həcmli edir. Bu iki xüsusiyyəti eyni anda əldə edə bildiyim üçün həm çox sevindim, həm də müsbət mənada təəccübləndim.

Şampunun istifadəsi zamanı diqqətimi çəkən digər xoş məqamlar da oldu. Məsələn yəqin xanımlar mənimlə razılaşacaqlar ki, bəzi şampunların istifadəsi zamanı saçda təmizlik hissini duya bilmirik. Şampunu köpükləndirdikdən sonra nə qədər durulasaq da, sanki şampun saçdan tam yuyulub getmir. Bu mənim üçün olduqca narahatedici bir hal olur. Pantene Pro-V-nin bu seriyası isə saçlarıma asan yuyulmanı və təmizlik hissini verə bildi. Daha bir incə məqam isə azacıq miqdarda götürülmüş şampun da saçda asanlıqla yayılır və gərəksiz şampun israfı olmur. Bu da mənim üçün önəmli məqamlardan biri idi. Saçlarım uzun olduğu üçün əvvəllər bol miqdarda şampun istifadə edirdim və saçıma heç cür kifayət etmirmiş kimi gəlirdi. Bu şampunda isə həmin narahatlığı yaşamadım.

Pantene Pro-V intensiz bərpaedici maska
Pantene Pro-V intensiz bərpaedici maska

Maska 

Maskadan istifadə zamanı şampundan sonra saçı daha da hamar və daha parlaq etdiyini müşahidə etdim. Yuma zamanı da saçımdakı dolaşıqların bir qismi öz-özünə açıldı. Kremə yaxın bir qatılığı var. Digər saç maskalarından fərqli olaraq xoşagəlməz qoxusu yoxdur, əksinə saçda təravətli qoxu yaradır. Əgər çox tez yağlanan saçlara sahibsinizsə maska və balzamı sadəcə saç uclarınıza çəkməklə kifayətlənin. Kolleksiya bərpaedici olduğu üçün saçları nəmləndirir və maskadan saç diblərinə yaxın bölgədə istifadə etməyiniz daha tez yağlanmasına səbəb ola bilər.

Pantene Pro-V zədələnmiş saçlar üçün bərpaedici balzam
Pantene Pro-V zədələnmiş saçlar üçün bərpaedici balzam

Balzam

Balzamda da xoşuma gələn ən önəmli cəhət qoxulu olması idi. Saçlarım çətin daranan olduğu üçün mən hər yuyulmada mütləq balzamdan istifadə edirəm və daha əvvəl istifadə etdiyim balzamlarda qoxularının pis olması məni çox narahat edirdi. İlk dəfədir ki, xoş qoxulu balzamla qarşılaşdım və təbii ki, saçlarımı yumşaq və hamar etdi. Bunlar bir balzamdan gözlənilən əsas xüsusiyyətlərdir və bu kolleksiyanın balzamında da var.

Pantene Pro-V haçalanmış saç ucları üçün bərpaedici zərdab serum
Pantene Pro-V haçalanmış saç ucları üçün bərpaedici serum

Serum haqqında fikirlərimi isə ən sona saxladım

Seriyanın ən sevdiyim üzvü məhz haçalanmış saç ucları üçün nəzərdə tutulmuş serum oldu. Saçları yuyub qurutduqdan sonra azacıq miqdarda serum götürərək saç uclarınıza tətbiq edirsiniz. Hətta çox az miqdarda götürdüyüm serum saç uclarımda asanlıqla yayıldı. Serumun isə inanılmaz dərəcədə valehedici qoxusu var. İndiyədək heç bir saça qulluq vasitəsinin qoxusunu belə sevdiyimi xatırlamıram. Hətta qısqanılacaq dərəcədə gözəl qoxuya malikdir. Qoy bu elə mənim blogumun oxucuları ilə mənim aramda kiçik bir sirr olaraq qalsın 🙂

Nəhayət diqqət etdiyim məqamların heç birini yazmağı unutmadan yazımı uğurla sonlandıra bildim. Əgər saçlarınız qurudursa, zərərli proseslər nəticəsində sağlamlığını, canlılığını və parlaqlığını itiribsə,yanıbsa və ya artıq saçqıranlardan əziyyət çəkirsinizsə, bu seriyanı sınayın və yaxın günlərdə mütləq fikirlərinizi mənimlə bölüşməyi unutmayın 🙂

Sonda P&G Azerbaijan və PeopleBrand şirkətlərinə mənə bu seriyanın nümunə dəstini göndərdikləri üçün öz dərin minnəttarlığımı bildirirəm. Beləcə mən də bu seriya və əvəzolunmaz serumumla tanış olma fürsətinə nail ola bildim 🙂

Saç tipinizə ən uyğun daraq seçimini necə etməli?

Düzgün daraq seçimi saçlarınızın sağlamlığı üçün zənn etdiyinizdən daha vacibdir. Yanlış daraq seçimi həm saçınızda qırıqlar və saçqıranların yaranmasına səbəb olacaq, həm də saçlarınızı daramağınız gərəyindən artıq vaxt alacaq. Saç tipinizə uyğun darağı müəyyən etdiyiniz halda saçlarınızın zədələnməsinin qarşısını ala və daranmanı olduqca asanlaşdıra bilərsiniz.

Buruq saçlar üçün daraq seçimi:

Buruq saçları iri dişli və dişlərinin arasındakı aralıqları böyük olan daraqlarla daramaq lazımdır. Əgər saçlarınız buruqdursa, darayarkən saç kremindən istifadə etmək daranmanı asanlaşdıracaq. Nəzərə almaq lazımdır ki, buruq saçları quru olduğu zaman daramaq demək olar ki, qeyri mümkündür. Buna görə də çalışın ki, saçlarınızı nəmli olarkən darayasınız.

Kəpəklənən saçlar üçün daraq seçimi:

Kəpəkli saçlar üçün daraq seçimi edərkən yuvarlaq uclu daraqlar almağa diqqət edin. Çünki iti ucluqlu daraqlar baş dərinizə zərər verəcəyi üçün daha çox kəpəklənmələrə səbəb olacaq.

Pro-Volume-011

Elektriklənən saçlar üçün daraq seçimi:

Elektriklənən saçlar bəzən darayarkən olduqca narahatedici ola bilir. Saçı elektriklənən xanımlar bu cansıxıcı vəziyyət ilə yaxşı tanışdır. Ancaq bunun çox asan çıxış yolu var. Elektriklənən saçlar üçün daraq seçimi edərkən seçiminizi taxta daraqlardan yana etmək problemin aradan qalxmasına kömək edəcək.

Cansız saçlar üçün daraq seçimi:

Cansız saçlar üçün sərt dişli (məs: metal) və dişlərinin arasındakı məsafələri böyük olan daraqlardan istifadə edin. Saçlarınızı önə doğru darayaraq həcm qazandırın.

Uzun saçlar üçün daraq seçimi:

Uzun saçlı xanımların daraq seçimi edərkən diqqət etməli olduğu ilk məqam seyrək dişli daraqlara üstünlük verməkdir. Həmçinin plastik daraqlar uzun saçları elektrikləndirdiyi üçün belə daraqlardan istifadə etməməyə çalışın.

Gur və həcmli saçlar üçün daraq seçimi:

Gur saçları daramaq üçün böyük, fırça formasında olan çox dişli daraqlardan istifadə etməkdə fayda var. Fırça formasında olan çox dişli daraqlar saçlarınızı qısa müddətdə daramaq üçün idealdır.

Beləliklə düzgün daraq seçimi barədə də bu qədər. Ümid edirəm faydalı oldu 🙂

QEYD: Daraqlarınızı ayda ən az bir dəfə saç şampununuzla yuyaraq təmizləməyi də unutmayın.

Düzgün qulluqla çətin daranan saçlara son!!

Çətin daranan saç dedikdə təbii ki çox tez dolaşan və dolaşığı çətin açılan saçlar başa düşülür.Əminəm ki,bu cür saçlara sahib olan hər bir qadın artıq “çətin daranan saçlar” dedikdə nəyi nəzərdə tutduğumu özü ilk dəfədən anladı.Yəqin ki, bu vəziyyəti daha gözəl ifadə edən ikinci bir söz ola bilməzdi.

Çətin daranan saçlar həm də uzundursa onlara qulluq bir qadın üçün kabusa çevrilə bilər.Bu duş qəbul etdikdən sonra əlində daraqla keçirilən saysız hesabsız dəqiqələr,vaxt itkisi,yolunmuş,qopmuş və qırılmış saç telləri və saçqıranlar deməkdir.Hətta çox zaman getdiyin gözəllik salonlarında saç ustasının saçların qarşısında necə əlacsız qaldığını özün görəcəksən.Ya da əlacsız qalmayacaq,darağı alacaq əlinə və cumacaq saçlarına,saçlarını yolduqca özün baş götürüb qaçmaq istəyəcəksən.Gerisi qalıb saç ustasının vicdanına. 🙂

Çətin daranan saçlar iki cür ola bilər.Saçın öz növünə görə çətin daranan saçlar və yanmış saçlar.Birinci qisim saçlar adətən bütövlükdə quru və ya dibi yağlı ucları quru saçlar,olduqca incə tellərə malik olan uzun saçlar,təbii buruq saçlardır.İkinci qrup isə özlüyündə asan daranan lakin müxtəlif  ehtiyatsızlıqlara bağlı olaraq yanmış,əsasən çox boya,açma,refle işlərinə məruz qalmış saçlardır.İstənilən saç əgər həqiqətən yanıbsa nə dərəcədə yanmasından asılı olaraq həm yaş həm də quru olan zaman çətin daranacaq.

Saçların çətin daranması hər daranmada saçlarınızın böyük ölçüdə qırılması və üstəgəl qoparaq tökülməsi deməkdir.Bu çox qısa zamanda saçqıranların yaranmasına,saç uclarının nazikləşməsinə,saçın seyrəkləşməsinə,köhnəlməsinə,hətta qırılmalar çox baş verdikdə saçın gec uzanmasına da səbəb ola bilər.Təbii ki, bunlar saçın dolaşmasından və daranmasının çətinlik dərəcəsindən asılı olaraq az və ya qabarıq dərəcədə nəzərə çarpan nəticələrə gətirib çıxarır. saclarnasiltaranmali Təbii ki saçın uzunluğu artıqca qulluq daha da çətinləşir.Daramaq get-gedə zəhlətökən və vaxtaparan olmağa başlayır.Bir çox qadınlar saçlarını uzatmaq istəsə də çətin daranan saçlara sahib olduqları üçün saçlarını uzatmaqdan çəkinirlər. Bəzənsə hətta qısa saçlarda belə həddən çox haçalanmalara və qırıqlara rast gəlinir.Ancaq doğru qulluqla ən çətin daranan saçlar belə saçqıransız,qırılma və qopmalardan uzaq şəkildə istədiyiniz qədər uzadıla bilər.Sadəcə hər bir qadının öz saçlarını düzgün tanıması lazım gəlir.

Saçların çətin daranmasının əsas səbəbi saç tellərinin quruluğudur.Bunun da çox sadə bir açıqlaması var.Quru saç telləri öz elastikliyini və axıcılığını itirdiyi,bəzənsə hətta codlaşdığı üçün daha tez dolaşır və darayan zaman darağın dişləri də saçları qırıb keçəcək.

Mən uşaqlıqdan bəri uzun saçları sevirəm.Hətta çox yaxşı xatırlayıram ki, cəmi iki yaşımdan uzun saçlı qadınları digərlərindən daha gözəl hesab edirdim.Məncə uzun saçlar istisnalar xaricində bütün qadınların gözəlliyinə gözəllik qatır.Xüsusən də gənc yaşlarda. Ancaq çətin darandığı üçün bir çox qadınlar uzun saçlarından əl çəkməli olur.Bəzilərini isə inanılmaz dərəcədə saçqıranlı uzun saçlarla görəndə heyfslənirəm,belə saçqıranlı uzun saçlar çox xoşagəlməz görünür.Saçqıranları qulaq səviyyəsinə qədər qalxmış uzun saçların nə gözəl görüntüsü var nə də onları uzun saxlamağın bir mənası.Qısa və saçqıranlı saçlardan isə heç danışmağa belə dəyməz.Hətta bəzən bu cür saçqıranlara saçların orta hissəsində də rast gəlinir.Çətin daranan saçlara düzgün qulluq etməyi öyrəndikdən sonra eyni zamanda saçqıranlarınızın artıq artmadığını özünüz də böyük ölçüdə müşahidə edəcəksiniz.

Onda keçək çətin daranan saçlara qulluq qaydalarına.Özümdən örnək gətirmək üçün demək istəyirəm ki, mənim saçlarım inanılmaz dərəcədə dolaşan,dibi yağlı ucları olduqca quru saç tipinə aiddir və əksər saç tellərim az qala yeni doğulmuş körpə uşaq saçı qədər incədir.Bu səbəbdən son dərəcə tez dolaşan və bir dəfə dolaşdığı zaman daraqla açılması çətin,bəzənsə mümkünsüz olan olduqca uzun saçlardır.Təkcə saç uclarımı kəsdirərkən təcrübəli saç ustaları belə saçlarımı 5 dəqiqəyə kəsib 30 dəqiqə də saçlarımı daramağa sərf edirlər.Nəmli olduqda saçlarımı daramaq mümkünsüz olduğu üçün ustalar uşaqlıqda saçlarımı həmişə quru halda kəsməyə məcbur olurdular.Bu da mənim saçlarıma uyğun yeganə kəsmə üsulu idi.

Daha öncə də qeyd etdiyim kimi saç tellərim son dərəcə incə olduğu üçün əvvəllər duş qəbul etdikdən sonra keçə kimi bir-birinə dolaşmış saçlarımı 30-40 dəqiqə tək-tək əllərimlə ayıraraq dolaşığını açmağım lazım gəlirdi.Daraqla zədələmədən daramaq mümkün olmadığı üçün əvvəlcə qollarım yorulub taqətdən düşənədək əllərimlə “darayıb” sonra ehtiyyatla daraqdan istifadə edirdim.Eynilə aşağıdakı şəkildə olduğu kimi.Ola bilsin ki, bu mənzərə sizin də çoxlarınıza yaxşı tanışdır. sac_e78fd42e-4f11-4cf3-b904-02c9cc475639_1

Yəqin ki, artıq necə çətin daranan saçlara sahib olduğum sizə daha da aydın oldu.Ancaq mənimki kimi son dərəcə çətin daranan saçları belə asan daranan etməyin yolları var imiş.Nəhayət uzun illərin təcrübəsi nəticəsində saçıma uyğun gələn düzgün qulluq metodlarını özüm üçün tək-tək aşkarladım.Əslində bunlar hamımızın bildiyi lakin gözdən qaçırdığımız,bəzən əhəmiyyətsiz saydığımız bəzənsə tətbiq etməyə tənbəllik etdiyimiz şeylər idi.Ancaq əgər siz hələ də çətin daranan saçlarınızla necə yola gedəcəyinizi öyrənməmisinizsə onda siz də mənim saçlarıma qulluq üsullarımı öz saçlarınıza tətbiq edib sevindirici nəticələr əldə edə bilərsiniz.Beləcə saçlarınız daha itaətkar,hamar,asan daranan,parlaq,saçqıransız,baxımlı və sağlam görüntüyə qovuşacaq.Üstəlik saçlarınıza qulluq etmək artıq sizə əziyyətli gəlməyəcək və siz də mənim kimi tez-tez saçlarınızın necə gözəl olmasıyla bağlı təriflər eşidəcəksiniz.

Qeyd edim ki, mən saçlarımda boyadan istifadə etmədiyim üçün saçımda yanıqlar yoxdur.Əgər sizin saçınız açma və boyama prosedurlarına görə yanma varsa ilk olaraq məsləhət görürəm ki, saçlarınızı mümkün qədər tez-tez kəsdirib bu yanıq hissədən bir an öncə qurtulasınız.Çünki öz daxili nəmini tamamilə itirmiş olan yanıq saçların yenidən əvvəlki vəziyyətinə qayıtması heç cür mümkün deyil.Ancaq yenə də saçlarınızın ucunu kəsdirməməkdə qəti qərarlısınızsa onda eyni qulluq metodları ilə siz də saçlarınızın çətin daranmasının və bundan sonra daha artıq zədələnməsinin qarşısını ala bilərsiniz.

Əvvəlcə deyim ki, çətin daranan saçlar üçün qulluq ardıcıllığı çox önəmlidir.Mərhələləri davamlı və ardıcıl tətbiq etdikdə bunlar artıq sizin üçün vərdiş halını alacaq.Daranmanın əvvəlkinə nəzərən asanlaşdığını və qırılmaların azaldığını gördükcə əvvəlki qulluq üsulunuza qayıtmaq istəməyəcəksiniz.İlk olaraq saçınızın xüsusi qulluq tələb etməsi gerçəyi ilə barışın və bilin ki, sizin təxmin etdiyinizin əksinə bu qulluq sizin işinizi daha da asanlaşdıracaq.Olduqca uzun saçlarda belə.

Keçək addım-addım saçlarınıza qulluq qaydalarına:

İLK ADDIM – duş qəbul etmədən öncə saçlarınızı hələ quru ikən darayın.

Bu zaman (və təbii ki, digər bütün daramalarda) mütləq saç tipinizə uyğun daraqlardan istifadə edin.Saçlarınızı duş qəbul etməzdən öncə darayaraq dolaşıqları açdığınız üçün saçlarınızı yuyarkən də daha az dolaşacaq.

İKİNCİ ADDIM – Saç tipinizə uyğun olan şampunlardan istifadə edin.

Müşahidələrimə əsasən onu deyə bilərəm ki, xanımlar şampun seçimlərinə çox zaman diqqətsiz yanaşır və öz saç tiplərinə uyğun şampunları seçmirlər.Öncə də qeyd etdiyim kimi çətin daranma quru və yorğun saçların əlamətidir.Qurumuş saç telləri üçün şampun seçərkən təbii ki, nəmləndirici xüsusiyyətlərə malik şampunlardan istifadə etmək vacibdir.

ÜÇÜNCÜ ADDIM – Çalışın hər yuyulmadan sonra saçlarınızın uclarına balzam çəkib durulayasınız.

Bir çox xanımlar saçları tökməsindən şikayətləndiyi üçün saçlarına balzam tətbiq etməkdən çəkinir.Ancaq balzam saçları parlaq və axıcı etdiyi üçün saçlar üçün olduqca önəmlidir.Xüsusən də çətin daranan saçlarda.Saçların balzamdan tökülməsinin səbəbi isə yanlış istifadədən qaynaqlanır.Belə ki, balzam sadəcə saç uclarına istifadə üçün nəzərdə tutulub,şampun kimi saç diblərinə tətbiq etmək isə doğru deyil.

DÖRDÜNCÜ ADDIM – Saçlarınızı yuduqdan sonra qurutmadan daramayın (buruq saçlarda isə əksinə nəmli olduğu zaman daramaq daha məqsədə uyğundur).

Çünki çətin daranan saçları nəmli ikən daradıqda yuyulmanın və suyun təsiri ilə yumşalıb həssaslaşmış saçlar müdafiəsiz olduqları üçün daha da tez zərər görür.

BEŞİNCİ ADDIM – Qurutduğunuz saçlara daramadan öncə saç tipinizə uyğun seçdiyiniz mayeləşdirilmiş keratinli saç kremini tətbiq edin.

Bu saçlarınızın asan daranması üçün ən vacib addım olacaq.Maye saç kremləri saçları yağlandırmadığı və ağırlaşdırmadığı üçün rahatlıqla istifadə edə bilərsiniz.Saç kremləri sayəsində saçlarınız darayarkən daha axıcı və yumşaq olacaq.Digər vaxtlarda saçlarınızı daramağa sərf etdiyiniz vaxtın 3-5 dəfə azaldığını,saçlarınızın zədələnmədiyini,qırılma və yolunma baş vermədiyini,saçqıran yaranmadığını özünüz hiss edəcəksiniz.

Daimi istifadə etdiyim və sizə də şiddətlə məsləhət gördüyüm şampun,balzam və saç kremi seçimlərimi isə gələn günlərdə blogda sizinlə də bölüşəcəyəm.

Rəylərinizi qeyd etməyi unutmayın.