İlk manikür təcrübəm – Sterilizasiya!

Bu dəfə ilk manikür təəssüratlarımdan, daha çox manikürdə gigiyenadan danışacağam.

Manikürdə gigiyena mənim ən həssas olduğum mövzulardan biridir. Elə ona görə indiyədək bir dəfə belə olsun manikürə getməmişdim. Baxmayaraq ki, əksər xanımlar ürək rahatlığı ilə manikürə gedirlər, amma mən bu sterilizasiya qorxumun öhdəsindən heç cür gələ bilmirəm. Ancaq professionallar tərəfindən edilən manikür hətta özünüzün evdə etdiyi manikürdən belə daha etibarlı və gigiyenik ola bilər. Bir şərtlə ki, bütün gigiyena qaydalarına tam düzgün əməl olunsun.

Sterilizasiya mövzusunda çətin güvəndiyim üçün illərdir ki, manikür ustası axtarışındayam və illərdir @emi_baku – nun işlərini izləyirəm. Axtarışda olduğum müddət ərzində daha yaxşısına rast gəlmədim. Belə qənaətə gəldim ki, nə vaxtsa manikür barədə qəti qərara gəlsəm və kiməsə etibar etsəm, yalnız @emi_baku – nun sterilizasiyasına etibar edə bilərəm. Bir dəfə səhifədə manikür üçün öz şəxsi əşyalarımı aparmaqla bağlı sual verəndə, mənə çox güclü sterilizasiya aparatlarının olduğunu demişdilər. İnamımda bunun da rolu olmuşdu. Uzun sözün qısası çoxdandır getmək istəyirdim və nəhayət gedib çıxdım.

Proses

Manikürün edildiyi otaqda hər şey çox təmiz və səliqəli idi. Manikür zamanı ustalar əlcək, maskaxalat və ya önlüklə işləyirlər. Manikürdən qabaq masa üzərinə bir istifadəlik yeni örtük sərilir. Kəsici alətlər və aparat ucluqları gözünüzün önündə sterilizasiya edildikləri paketlərdən çıxarılır. Manikür zamanı istifadə olunan yeganə ortaq şey dırnaq boyaları və sonda dırnağımın dibinə çəkilən yağ (səhv etmirəmsə, yağ idi) oldu. Manikür zamanı ürəyim çox rahat idi. Ancaq gəldiyim gündən bəri mikroorqanizmlərin dırnaq boyalarının içində yaşaya bilib-bilməməsi mövzusunda düşünürəm.))) Təbii ki, bunun tamamilə mənimlə və sterilizasiya həssaslığımla bağlı olan psixoloji məsələ olduğunu bilirəm, ancaq bu məndən asılı deyil. Ən əsası ustam çox diqqətli və ehtiyatlı işləyirdi. 

54277682_163451437989527_6651180055196264573_n

Bu dəfə manikürdə əsas istəyim təbii görünüş və səliqəli dırnaqlar idi. Ona görə şəkildə gördüyünüz kimi çəhrayı tonlarda olan, sadə bir rəng seçdim. Sonda belə qənaətə gəldim ki, başqa heç bir yerdə manikür etdirə bilmərəm. 

Bəs qiymət necədir?

Çox təəccüblüdür ki, bütün bu peşəkarlığa və yüksək keyfiyyətə baxmayaraq qiymətlər çox sərfəlidir. Hətta deyərdim ki, mümkün olan ən aşağı qiymətlərdir.

Bildiyim qədərilə “E.Mi School Azerbaijan”da sterilizasiya mövzusunda pulsuz seminarlar da keçirilir. Yəqin ki, bu seminarlardan birində iştirak edib sterilizasiya işinin necə aparıldığını, hansı proseslərdən keçdiyini daha dəqiq öyrənmək mənim ürəyimi daha da rahatlaşdırar.)))

Dəridəki məsamələrin funksiyası nədir?

Heç maraqlanmısınızmı, dəri üzərində nə üçün məsamələr var və bu məsamələrin vəzifəsi nədən ibarətdir? Dəridəki məsamələrin funksiyasını və işləmə prinsipini anlamaq dəriyə daha düzgün qulluq etmək üçün çox əhəmiyyətlidir.

Ümumilikdə məsamələrdən həmişə mənfi bir şey kimi bəhs olunsa da, əksinə məsamələr dərimizin çox faydalı üzvlərindəndirlər. Burada qarışdırılan şey normal ölçülü məsamələr ilə dəriyə yanlış qulluq nəticəsində genişlənmiş məsamələrdir. Ən qüsursuz və hamar dərilərdə belə məsamələr var və bu məsamələr çox vacib funksiyaları yerinə yetirirlər. Ümumiyyətlə dərini məsaməsiz təsəvvür etmək mümkün deyil. Əgər məsamələr olmasa idi dəri bir çox infeksiya və problemlərə qarşı müdafiəsiz olardı. Dəriyə qulluqda əsas məsələ əslində zənn edilənin əksinə məsamələrin tamamilə yox edilməsi deyil. Belə bir şey demək olar ki, tam mümkün də deyil. Yəni buna çalışmaq əbəsdir. Çünki məsamələr kifayət qədər vacib və faydalıdır. Əsas məsələ dəriyə düzgün qulluq edilməsi və məsamələrin lazımi qədər kiçik ölçülərdə saxlanmasıdır. Mümkünsə çox nəzərə çarpmayacaq ölçülərdə.

Bəs məsamə əslində nədir? Məsamələr – yağ və tər vəzilərinin dəri səthinə açılan kanallarının ağızlarını, yəni sadə dildə desək bu kanallardan dəri səthinə açılan dəlikləri göstərir. Həmin bu struktur aşağıda yerləşdirdiyim şəkildə olduğu kimidir. Birinci şəkildə kanalı və kanalın dəriyə açılan hissəsini, yəni məsaməni aydın görmək olar. İkinci şəkildə isə həmin məsamələrin mikroskop altındakı real dəridə necə göründüyünə baxa bilərsiniz.

Bəs məsamələrin insan dərisinə faydaları nələrdir?

Bildiyiniz kimi dəri ifrazat orqanı hesab olur. Dəridəki ifrazat funksiyasını isə məhz bu çoxsaylı kiçik məsamələr həyata keçirir. Məsamələrin əsas vəzifəsi udma və ifraz etmə funksiyalarıdır. Ümumilikdə məsamələr ifraz olunan tər və yağların bədəndən xaric olunması və faydalı maddələrin udulması funksiyasını yerinə yetirir. Elə ona görə də əksər kremləri təmiz dəriyə tətbiq etmək məsələhət görülür ki, həmin vaxt dərinin məsamələri qapalı olmasın. Dərini allergiya və ətraf mühitin çirkliliyindən qoruyan yağlar  da bu məsamələr vasitəsi ilə dəri səthinə ifraz olunur. Həmçinin toksik maddələr də tərlə birlikdə məsamələr vasitəsilə bədəndən atılır. Məsamələr vasitəsilə ifraz olunan həmin bu tər və yağlar sayəsində dəri nəmli qalır və qorunur. Məsamələr eyni zamanda dərmanların, kremlərin, nəmləndiricilərin və digər faydalı maddələrin dəri tərəfindən udulmasında da rol oynayır. Eyni zamanda dəridəki məsamələr vasitəsilə günəş işığının qəbul edildiyi və inaktiv D vitaminin aktivləşdirilərək bədənə faydalı hala gətirildiyi də deyilir.

Məsamələrin bütün bu faydalarını nəzərə alsaq, onların düzgün təmizlənməsinin vacibliyini anlamaq olar.

Qaşlarınızın tökülmə səbəbi bəlkə də bunlardan biridir

Sıx, səliqəli və gözəl qaşlar bütün qadınların arzusudur. Qüsursuz qaşlar gözlərin gözəlliyini ön plana çıxarır və baxışları daha ifadəli edir. Təsadüfi deyil ki, qədimdən bəri şeirlərdə belə qaşların gözəlliyindən bəhs olunur. Ancaq gözəl və sıx qaşlara sahib olmaq həmişə asan olmur. Bəzən bəzi səhvlər qaşların azalmasına səbəb olur.

Qaşların az olmasının bir neçə səbəbi var. Əvvəlcə bu problemin genetikmi, yoxsa sonradan yaranan bir problemmi olduğuna nəzər salmaq lazımdır. Bəzi insanlar uşaqlıqdan seyrək qaşlıdır, bəzilərində isə zaman keçdikcə müəyyən səbəblərdən qaşların azalması baş verir. Problem də elə sonradan baş verən qaş tökülməsidir. Bu dəfə qaşların tökülməsinin ən çox rast gəlinən səbəblərindən yazacağam. Söhbət dermatoloji, hormonal və ya digər sağlamlıq problemlərindən yox, məhz özümüzün fərqində olmadan yaratdığımız səbəblərdən gedir.Defined-Dramatic-Arch-Brow-Step4

  1. Yanlış qaş alma. Qaşların azalmasının başlıca səbəblərindən biri çox qaş almaqdır. Uzun illər ərzində qaşların alınması, xüsusən də yanlış qaş alınması qaşların vaxt keçdikcə azalmasına səbəb olur. Uzun müddət eyni hissədən qaş alındıqda zamanla həmin hissədə daha az qaş çıxmağa başlayır. Ona görə də yanlış qaş alınması, əsas da qaşları alan zaman onların öz təbii formasına müdaxilə edilməsi qaşların azalmasına səbəb olur. Mənim qaşlarım onsuz da genetik olaraq az olduğu üçün qaşlarıma forma verməyə əlavə ehtiyac olmur. Çalışıram ki, hər qaş telini saxlayıb formasını qoruyum. Qaşlarımı səliqəyə salarkən yanlış qaşı qoparmamağa çox diqqət edirəm ki, həmin hissədə boşluq yaranmasın. Və ən əsası əsla qaşlarımı bir ustaya əmanət etmirəm. Çünki yanlış qaş alınması mənim qaşlarımda geri dönüşü olmayan itkiyə səbəb ola bilər. Təəssüf ki, mənim səhvləri qəbul edəcək qədər çox qaşım yoxdur. Ancaq qaşlarınızı özünüzün səliqəyə salmağınız çox da vacib deyil, əgər bu, özünüzdə o qədər də uğurlu alınmırsa, daha yaxşı olar ki, onları təcrübəli ustalara əmanət edəsiniz. Əks halda qaşlarınızın əvvəlki gözəl formasını alması üçün uzun müddət lazım ola bilər.
  2. Yaşlanma. Yaşlanma zamanı bədəndəki bütün tüklərin və eləcə də qaşların zəifləyərək azalması baş verir. Bu zaman həm hər bir qaş telinin qalınlığı azalır, həm də onların sıxlığı. Qaşların ağarması da onların daha az görünməsinin səbəblərindən biri ola bilər.
  3. Qaş üçün nəzərdə tutulmuş dekorativ kosmetika məhsullarından yanlış istifadə. Makiyaj zamanı qaşların müxtəlif kosmetik məhsullarla səliqəyə salınması makiyajı daha gözəl və qüsursuz, gözləri isə daha gözəl göstərir. Qaşlarınızdakı boşluqları makiyaj məhsulları ilə doldurub forma verərkən hansı vasitədən istifadə etməyinizdən asılı olmayaraq onları diqqətlə və yüngülcə tətbiq etməyə diqqət edin. Məsələn qaş diblərinizə bərk sıxaraq tətbiq etdiyiniz qaş karandaşı zamanla qaşlarınızın tökülməsinə səbəb ola bilər. Əgər qaşlarınızda bu cür dolduruculardan istifadə edirsinizsə, onların qaşlarınızda çox qalmamasına da diqqət etməlisiniz. Yatmazdan qabaq mütləq qaşlarınızın dibini bu məhsullardan yaxşıca təmizləyin. Onların qaş diblərinizdə uzun müddət toplanıb qalması da qaşlarınızın tökülməsinə səbəb ola bilər.
  4. Qaşlarla çox oynamaq. Qaşlar əslində göründüyündən daha həssasdır. Bəzi insanlar fərqində olmadan gün ərzində qaşları ilə çox oynayır, onları tez-tez əli ilə düzəldir və ya qoparmağa çalışır. Bu da onların xəbəri olmadan qaşlarının azalmasına səbəb olur. Qaşlar da kirpiklər kimi belə kiçik “travma”lardan asanlıqla tökülə bilir.
  5. Stress. Bəli, stress. Adətən, bu, səbəb heç kəsin ağlına gəlmir. Necə ki, uzun müddət mən də bundan xəbərsiz olmuşam. Bir çox insanda stress keçirən zaman saçların tökülməsi baş verir. Bəzilərində isə sən demə saçlar yox, məhz qaşlar tökülürmüş. Eynilə məndə olduğu kimi. Qaşlarımın təbii halda da az olmasından əlavə mənim stress keçirdikdə də qaşlarım tökülür. Hətta qaşlarımda olan boşluqlardan stress keçirdiyimi anladığım vaxtlar belə olub. Bu zaman hətta bəzən bir qaşımın 2-3 yerində boşluq görünəcək dərəcədə qaş azalması ola bilir. Stress azaldıqda qaşlarım yenidən öz-özünə əvvəlki vəziyyətinə qayıdır. Artıq dəfələrlə sınadığım üçün bundan çox da narahat olmuram. Sadəcə qaşlarımdakı boşluqların yenidən dolması və bu halın təkrarlanmaması üçün stresdən mümkün qədər uzaq olmağa çalışıram. Qaşınızda səbəbsiz yerə boşluqlar əmələ gəldiyinin fərqinə varmısınızsa, ancaq heç cür səbəbini tapa bilmirsinizsə, siz də həmin ərəfədə stress keçirib-keçirmədiyinizə diqqət edə bilərsiniz. Ancaq stressə bağlı olan qaş tökülməsinə hamıda rast gəlinmədiyini bilməkdə də fayda var.

2017 nələr öyrətdi?

Yeni ilin gəlişinə çox az qaldı. 2017-ci ildə mənim üçün gözlənilməz dəyişikliklər olmadı. Ümumilikdə xoş və uğurlu bir il oldu. Bu il də keçən illərdə olduğu kimi yeni şeylər öyrətdi. Daha dəqiq desək, 2017-də sanki indiyədək təxmin etdiyim bütün şeylər öz təsdiqini tapdı. Həyatımı asanlaşdıracaq dərslər götürə bildim. Əslində bunların heç biri yeni şeylər deyil. Sadəcə bu nüanslar həmişə gözdən qaçır. Siyahını bacardığım qədər qısaltdım və məqalənin çox uzun alınmaması üçün 5 dənəsini qeyd etdim. Görək 2017 nələr öyrətdi?

1. Bəzi insanların heç də kənardan göründüyü kimi çətin şəraitdə yox, sadəcə öz arzuladığı kimi yaşadıqlarını.

Bu il bu, mənim çoxsaylı təcrübələr nəticəsində öyrəndiyim bir şey oldu. Bizə indiyədək başqa insanlara mərhəmət göstərmək lazım gəldiyi öyrədilib. Ancaq biz bunu heç də düzgün başa düşməmişik. Bizim çox vaxt başqalarına yazığımız gəlir. Onların dərdlərini ürəyimizə salırıq. Ancaq diqqətlə müşahidə etdikdə həmin adamların sadəcə öz arzuladıqları kimi yaşadığını, bu həyatı özlərinin seçdiyini görmək olar. Bəzən bizə elə gəlir ki, insan özü üçün pis şeyi arzulaya bilməz. Ancaq təəssüf ki, bu, həmişə belə olmur. Nəticədə heç kəsi özü istəmədiyi halda onun üçün xeyirli olacağını düşündüyüm bir işə qoşmamaq, borc almağı hobbiyə çevirən insanlara borc verməmək, xəstəlikləri diqqət çəkmək üçün özünə çəkən insanların ağrılarını uzun-uzun dinləməmək bu il aldığım ən böyük dərslərdən biri oldu. Diqqətlə baxdıqda özünə problem yaratmağı sevən insanlarla həqiqətən köməyə ehtiyacı olan insanları bir-birindən asanlıqla ayırmaq olar.

2. Özümüzə də eynilə başqalarına ayırdığımız kimi, hətta daha çox vaxt ayırmalı olduğumuzu.

Biz çox vaxt başqalarına həddindən çox can yandırırıq. Bu müddətdə özümüzün də insan olduğumuzu unuduruq. Axı bizim özümüzün də qayğıya ehtiyacımız var. Özü də başqalarının qayğısına yox, elə özümüzünkünə. İnsanın özünə vaxt ayırması onu xoşbəxt edən əsas şeylərdən biridir. Əhval-ruhiyyəni yüksəldir və depressiyanın qarşısını alır. Belə olduqda insan yaxınlarına da diqqət göstərəcək enerjini özündə tapır. İnsanlar, adətən, başqalarına diqqət göstərir və əvəzində özlərinə qarşı diqqət umur. Əslində isə başqalarından gözlədiyimiz diqqəti özümüzün özümüzə göstərməyimiz kifayətdir.

3. Yadıma düşən şeyi həmin andaca etməyi.

Əvvəllər ağlıma müxtəlif vaxtlarda müxtəlif qərarlar və ya görməli olduğum işlər gəlirdi. Mənə elə gəlirdi ki, onları həmişə xatırlayacam. Sonra isə unudulub gedirdi. Bunun qarşısını almaq üçün ağlıma gələn şeylə bağlı çox kiçik də olsa addımı həmin andaca atıram. Əgər bu həmin an mümkün olan şey deyilsə, onda ən azı haradasa qeyd edirəm. Pəhrizə başlamaq üçün 1-ci günü və ya gələn ayın 1-ni gözləmək lazım deyil.

4. Kin saxlamaq əvəzinə məsafə qoymağı.

Həmişə deyildiyi kimi kin saxlamaq heç kəsə yox, insanın özünə ziyanlıdır. Biz həmişə bizə qarşı edilən haqsızlıqları unutmaqda çətinlik çəkirik. Ancaq əgər biz səhv hərəkəti ilə qarşılaşdığımız hər insanı həyatımızdan çıxarsaydıq, onda çevrəmizdə heç kəs qalmazdı. Bunun əvəzinə həmin insanlarla xoş ünsiyyətə davam edərək aramıza bir daha pislik görməyəcəyimiz qədər məsafə qoymağımız kifayətdir. Edilən pislikləri isə unudun getsin.

5. İnsanları qarşılıq gözləmədən sevməyi.

Sevgini heç nə ilə əldə etmək mümkün deyil. Hətta etdiyiniz yaxşılıqlar belə başqasının sizi sevəcəyinə qarantiya vermir. Əksinə qarşılıq gözləyərək edilən hər şey əks təsir yaradır. Bu, onu göstərir ki, sevginin var olması da mövcud olmaması kimi nəyəsə əsaslanmır. O, ya var, ya da yoxdur. Səbəbsiz. Buna görə birini sevərkən ondan yaxşılıq və ya qarşılıq gözləməyin. Xarakterindən asılı olmayaraq bütün insanlar bir orqanizmin hüceyrələri kimi cəmiyyətdə gərəklidir. Elə buna görə də onları səbəb və qarşılıq gözləmədən sevmək lazımdır. Ancaq insanların sizin sevginizdən sui-istifadə etməsinə də imkan verməyin.

Həyatda etdiyimiz ən böyük səhv – Səfeh puma sindromu!

Bir neçə il öncə türk yazıçı Mehmet Sabri Gençin müəllifi olduğu “Səfeh puma sindromu” nəzəriyyəsi ilə qarşılaşdım və bu məqalə bir çox şeyin fərqinə varmağıma kömək oldu. Çox nadirən olur ki, bir məqalə, film və ya kitab insanın həyatını tamamilə dəyişsin. Ümumiyyətlə mən buna heç vaxt inanmamışam. Ömür boyu bizi bir anda dəyişdirəcək nəsə axtarmaq mənə həqiqətən məntiqli gəlmir. Ancaq həmin məqalədən öyrəndiklərimin mənə çox vaxt qərar qəbul etməkdə kömək etdiyini deyə bilərəm. Bu gün mən də sizə həmin bu sindromdan danışmaq istəyirəm. Həyatda etdiyimiz ən böyük səhv – Səfeh puma sindromu! oxumağa davam et

Depilyasiya və epilyasiyanın bir-birindən fərqi nədir?

Depilyasiya və epilyasiya sözləri çox vaxt bir-biri ilə qarışdırılsa da, bir qədər fərqli terminlərdir. Gündəlik həyatda əksərən epilyasiya sözü daha çox işlənir və xanımlar, adətən, bütün tüklərdən azad olma üsullarını epilyasiya adlandırır. Ancaq bu, doğru adlandırma deyil. Bəs depilyasiya və epilyasiyanın bir-birindən fərqi nədir? Əsas fərq ondan ibarətdir ki, depilyasiya tüklərin müvəqqəti olaraq bədəndən uzaqlaşdırılmasıdır, epilyasiya isə davamlı istifadədə tüklərin get-gedə azalmasını və onlardan bir dəfəlik azad olmağı vəd edir.

Həm depilyasiyada, həm də epilyasiyada qısamüddətli və uzunmüddətli həll üsulları var. Təbii ki, hamımız xoşagəlməz tüklərdən uzunmüddətli azad olmağı istəyərik. Ancaq bu üsullar qısamüddətli həll üsulları ilə müqayisədə ya daha çox zəhmət, ya maddi vəsait, ya da dözümlülük tələb edir. Qısamüddətli həll üsulları isə qalıcı üsullarla müqayisədə daha əziyyətsiz, amma daha az effektivdir.

Ümumilikdə depilyasiya xoşagəlməz tüklərin kimyəvi və mexaniki üsullarla uzaqlaşdırılmasıdır. Kimyəvi üsul dedikdə, adətən, müxtəlif depilyasiya kremləri ilə tüklərin tökülməsi nəzərdə tutulur. Mexaniki üsullarla depilyasiya isə tüklərin təraş edilməsi, qopardılması kimi üsullarla həyata keçirilən depilyasiyadır. Depilyasiya üsullarına nələr aiddir? Kremlə arzuolunmaz tükləri tökmək, təraş və tüklərin bütün növ qopardılması üsulları (sugaring, wax, epilyatordan istifadə) depilyasiyaya aiddir.

Epilyasiya isə iynə və ya müxtəlif epilyasiya alətləri ilə həyata keçirilir. Epilyasiya qısamüddətli və uzunmüddətli şəkildə tüklərdən azad edir. İynə ilə epilyasiya üsulu qısamüddətli, lazer və fotoepilyasiya isə daha uzunmüddətli epilyasiya üsuludur. Bütün epilyasiya üsullarında təsir birbaşa tüklərin kökünə edilir.

Depilyasiya üsullarına, adətən, ev şəraitində həyata keçirilə bilən üsullar aiddir. Epilyasiya isə xüsusi alətlər vasitəsilə həyata keçirildiyi üçün proses zamanı daha çox təcrübəli mütəxxəssisin varlığına ehtiyac duyulur. Ancaq son vaxtlar firmalar bunun üzərində də düşünürlər. Belə ki, artıq evdə istifadə üçün yaradılmış lazer epilyasiyası vasitələrinin inkişaf etdirilməsi daha da sürətlənib. Bir neçə il bundan əvvəl sadəcə bir neçə belə alət tapmaq olardısa, hal-hazırda onların sayı kifayət qədərdir. Bu da seçim etmək imkanını genişləndirir. Ancaq bu cür alətlərin keyfiyyətinə və təhlükəsizliyinə nə dərəcədə güvənmək olar, bax bu hələ də sual altındadır. İstifadəsinə yeni başlanıldığı üçün uzunmüddətli istifadədə nə kimi fəsadlar yaradacağını hələ ki, bilmirik. Yenə də gələcəkdə mənim də bu cihazlardan alıb sınamaq fikrim var. Bir nöqtəyə də toxunmaqda fayda var ki, bu cihazlar o qədər əlçatmaz qiymətdə olmasa da, kifayət qədər böyük məbləğlərdə satılır. İnternet üzərində portativ epilyasiya cihazları barəsində olan rəylərin çoxu sırf sponsorlu reklam olduğu üçün güvənib sadəcə sınamaq üçün bu alətlərə bu qədər məbləğ ödəmək bir o qədər də məntiqli görünmür. Ancaq hər halda yenə də növbəti məqalələrimdə portativ epilyasiya cihazlarının müxtəlif modelləri bərada məlumat verəcəyəm.

Ümid edirəm depilyasiya və epilyasiya anlayışlarının fərqini aydın şəkildə izah edə bildim. Yaxın günlərdə ev şəraitində həyata keçirə biləcəyiniz depilyasiya üsullarını da müsbət və mənfi yönləri ilə müqayisəli şəkildə qeyd edəcəyəm.

Qadın olmağın ən yaxşı cəhətləri

Zərif cinsin nümayəndəsi olmaq bəzən nə qədər çətin olsa da, bir o qədər də gözəl cəhətləri var. Hətta bunu bir şans kimi də qəbul etmək olar. 21-ci əsrdə yaşamağımıza baxmayaraq qadın cinsinə lazımi dəyəri verməyən insanlar hələ də mövcuddur. Bu cür baxış bucağı bizə zaman-zaman çətinliklər yaratsa da, hər şey bu çətinliklərdən ibarət deyil. Əlbəttə qadın olmağın saysız hesabsız gözəllikləri var. Mən isə sadəcə ağlıma gələn ilk 12 səbəbi qeyd etdim. Siz də oxuyan zaman ağlınıza gələn səbəbləri rəylərdə qeyd edə bilərsiniz. Elə isə gəlin qadın olmağın gözəlliyinin 12 səbəbinə baxaq.

1. Keçəlləşmək kimi bir dərdimiz yoxdur. 

Bildiyiniz kimi bəzi patologiyaları çıxmaq şərtilə qadınlarda hətta çox saç tökülməsi halında belə pis görüntü yaradacaq dərəcədə keçəlləşmə baş vermir. Bu qadınlara məxsus ən şanslı cəhətlərdən biridir.

2. Kişi geyimləri geyindikdə və ya kişi ətirlərindən istifadə etdikdə heç kəs bizə pis baxmayacaq.

Bunun necə sevindirici bir hal olduğunu anlamaq üçün bir də kişilərin qadın əşyalarından, ətirlərindən və geyimlərindən istifadə etdiyini düşünün. Xanımlar isə bir-birindən gözəl boyfriend köynəklər, pencəklər, cinslər və s. geyinə, kişi ətirlərindən və əksər əşyalarından istifadə edə bilərlər.

3. Çantadan istifadə edə bilərik.

Mən düşünürəm ki, bu qadınların ən böyük şanslarından biridir. Təsəvvür edin ki, kişilərdən fərqli olaraq gün ərzində istifadə etməyə ehtiyac duya biləcəyiniz hər şeyi özünüzlə gəzdirə bilərsiniz. Bu kosmetik vasitələr, ətir, dərman, əl kremi, güzgü, yolda oxuya biləcəyiniz bir kitab, aclığınızı öldürmək üçün bir az şokolad, hətta təcili vəziyyətlər üçün kiçik bir diş fırçası belə ola bilər. Bir sözlə sanki çanta vasitəsilə evinizi kiçildilmiş formada özünüzlə hər yerə apara bilirsiniz. Bu, həqiqətən çox böyük rahatlıqdır.

4. İlk addımı atmaq kimi məcburiyyətimiz yoxdur.

Müasir dövrdə artıq qadınların da ilk addımı atması çox normal qəbul olunur. Ancaq bununla belə bu, qadınlar üçün bir məcburiyyət və ya öhdəlik deyil. Bu da ən böyük şanslarımızdan biri hesab oluna bilər. Hətta ilk addımı siz atsanız belə, cavabın müsbət olub-olmamasından asılı olmayaraq birbaşa kobud bir cavab almayacağınız bəllidir.

5. İstənilən rəngdə geyim geyinə bilərik.

Qadınların geyimində rənglər və naxışlar olduqca çeşidlidir. Kişilərdən fərqli olaraq bizim çəhrayı və ya güllü geyimlər geyinməmək kimi bir məhdudiyyətimiz yoxdur. Elə bir rəng yoxdur ki, həmin rəngdə geyim geyinmək qadınlar üçün qəbulolunmaz sayılsın. Ona görə rəngarəng geyimlərlə daim şən əhval ruhiyyədə qalmaq olar. Həmçinin təkcə rəng deyil, geyimlərdə saysız hesabsız, bir-birindən fərqli model seçiminin olması da bunun bonusu hesab oluna bilər.

6. İstədiyin peşəni və məşğuliyyəti seçə bilərsən.

Qadın olmağın bir digər gözəl cəhəti də müxtəlif incəsənət növləri ilə məşğul ola bilməkdir. Adətən, kişilər peşə seçimi edərkən onların üzərində daha çox məhdudiyyətlər qoyulur. Çox vaxt onlara müğənni, rəqqas, rəssam, vizajist, sənətçi olmağa icazə verilmir. Onlardan daha ciddi işlərlə məşğul olmaq tələb olunur. Qadınlarda isə bu məsələ daha asandır. Məsələn heç kəs səni baletlə məşğul olmaq istədiyin üçün qınamayacaq.

7. Digər həmcinslərimizə gücümüzü isbat etməyə məcbur deyilik.

Hər nə qədər qadınlar arasında da müxtəlif formalarda rəqabət olsa da, bu rəqabət fiziki şiddət və dava ilə nəticələnmir. Qadınlar, adətən, aralarındakı problemi həll edən zaman bunu fiziki üsullarla etməyə çalışmırlar.

8. Hərbi xidmətə getməmək.

İndiyədək bir çox qadından “Əgər qadınları da aparsaydılar, mən əsgər gedərdim” ifadəsini eşitsəm də, bu sözlərin səmimiyyətinə mən bir o qədər də inanmıram. Ya da onlar bu sözün mənasını bir o qədər də yaxşı dərk etməyiblər. Hərbi xidmət həm fiziki, həm də psixoloji güc tələb edir. Ən azı 1 il çətin şəraitdə ailədən uzaqda yaşamaq heç də bir qadına asan başa gəlməyəcək. Üstəlik biz bununla iş həyatına 1 il tez atılmaq şansı da əldə edirik. Ona görə əsgər getməməyimiz də bizim ən böyük şanslarımızdan biri hesab oluna bilər.

9. Ürəyinin istədiyi yeməkləri həmin andaca özün hazırlayıb yeyə bilərsən.

Yemək bişirə bilmək təkcə qadınlara məxsus bir bacarıq olmasa da, xüsusən Azərbaycanda yemək bişirməyi bacaran kişilər azlıq təşkil edir. Hətta müəyyən qədər bacarsalar da, yadlarına düşdüyü an xəmir açıb düşbərə bükəcəklərini hesab etmirəm. Ancaq qadınlar üçün bu, belə deyil. Ürəyiniz hansısa yeməyi istədikdə kiminsə hazırlamasını gözləməyə ehtiyac duymadan özünüz həmin yeməyi öz zövqünüzə uyğun şəkildə hazırlayıb yeyə bilərsiniz.

10. Kiçik şeylərdən xoşbəxt ola bilirik.

Sözsüz ki, həyat daim böyük xoşbəxtliklərdən ibarət deyil. Əgər oturub möhtəşəm bir şeyin baş verməsini gözləsək, yəqin ki, həyatımızın böyük bir hissəsi gözləməklə keçərdi. Onun əvəzinə qadınlar kiçik şeylərdən xoşbəxt ola bilirlər. Bəzən bir dəstə təbii çiçək, bəzən ev heyvanları, bəzənsə sadəcə özümüzə qulluqla məşğul olmaq, hətta gözəl çəkilmiş dırnaq boyası belə bəzən bizi çox xoşbəxt edə bilər.

11. Dünyaya yeni bir insan gətirə bilmək.

Mən də daxil olmaqla bu hissi hələ yaşamayanların onun gözəlliyini tam, olduğu kimi təxmin etməsi mümkün olmasa da, təxminimcə dünyaya yeni insan gətirmək, onun ana bətnindəki hərəkətlərini hiss etmək yəqin ki, həyatdakı ən gözəl və möcüzəvi hadisələrdən biridir.

12. Və son olaraq məncə qadın olmağın ən gözəl cəhəti heç vaxt bir qadınla ailə qurmamaqdır. 😀

Yəqin ki, bizim kimi mükəmməliyyətçi, qərarsız, əhval-ruhiyyəsi tez-tez dəyişən, həssas və heç bir vaxt heç nədən tam şəkildə razı qalmayan varlıqlara elə ancaq kişilər dözə bilərdi.

Hələlik bu qədər. Əgər maraqlı cəhətləri yadıma salsanız, yazının sonuna onları da əlavə edəcəyəm. =)

 

Xanımların bilməli olduğu etiket qaydaları

Bu dəfəki məqaləmdə xanımlar üçün olan etiket və davranış qaydalarından bəhs edəcəyəm. Sözsüz ki, bütün qadınların xarici gözəlliyini və zərifliyini onların davranışları tamamlayır.

Xanımların bilməli olduğu etiket qaydaları oxumağa davam et

Zərif cinsin nümayəndələri üçün əsas etiket qaydaları hansılardır?

Zərif cinsin nümayəndələri üçün ən çox istifadə olunan beynəlxalq davranış qaydalarını bilirsinizmi? Gəlin birlikdə nəzər salaq.

Zərif cinsin nümayəndələri üçün əsas etiket qaydaları hansılardır? oxumağa davam et

Əks cinsin nümayəndələri üçün əsas etiket qaydaları hansılardır?

Kişilər üçün olan bəzi davranış qaydalarını xanımların da bilməsi vacibdir. Öz addımlarınızı bu qaydalara uyğun tənzimləyə bilərsiniz. Əks cinsin nümayəndələri üçün əsas etiket qaydaları hansılardır? oxumağa davam et