Depilyasiya və epilyasiyanın bir-birindən fərqi nədir?

Depilyasiya və epilyasiya sözləri çox vaxt bir-biri ilə qarışdırılsa da, bir qədər fərqli terminlərdir. Gündəlik həyatda əksərən epilyasiya sözü daha çox işlənir və xanımlar, adətən, bütün tüklərdən azad olma üsullarını epilyasiya adlandırır. Ancaq bu, doğru adlandırma deyil. Bəs depilyasiya və epilyasiyanın bir-birindən fərqi nədir? Əsas fərq ondan ibarətdir ki, depilyasiya tüklərin müvəqqəti olaraq bədəndən uzaqlaşdırılmasıdır, epilyasiya isə davamlı istifadədə tüklərin get-gedə azalmasını və onlardan bir dəfəlik azad olmağı vəd edir.

Həm depilyasiyada, həm də epilyasiyada qısamüddətli və uzunmüddətli həll üsulları var. Təbii ki, hamımız xoşagəlməz tüklərdən uzunmüddətli azad olmağı istəyərik. Ancaq bu üsullar qısamüddətli həll üsulları ilə müqayisədə ya daha çox zəhmət, ya maddi vəsait, ya da dözümlülük tələb edir. Qısamüddətli həll üsulları isə qalıcı üsullarla müqayisədə daha əziyyətsiz, amma daha az effektivdir.

Ümumilikdə depilyasiya xoşagəlməz tüklərin kimyəvi və mexaniki üsullarla uzaqlaşdırılmasıdır. Kimyəvi üsul dedikdə, adətən, müxtəlif depilyasiya kremləri ilə tüklərin tökülməsi nəzərdə tutulur. Mexaniki üsullarla depilyasiya isə tüklərin təraş edilməsi, qopardılması kimi üsullarla həyata keçirilən depilyasiyadır. Depilyasiya üsullarına nələr aiddir? Kremlə arzuolunmaz tükləri tökmək, təraş və tüklərin bütün növ qopardılması üsulları (sugaring, wax, epilyatordan istifadə) depilyasiyaya aiddir.

Epilyasiya isə iynə və ya müxtəlif epilyasiya alətləri ilə həyata keçirilir. Epilyasiya qısamüddətli və uzunmüddətli şəkildə tüklərdən azad edir. İynə ilə epilyasiya üsulu qısamüddətli, lazer və fotoepilyasiya isə daha uzunmüddətli epilyasiya üsuludur. Bütün epilyasiya üsullarında təsir birbaşa tüklərin kökünə edilir.

Depilyasiya üsullarına, adətən, ev şəraitində həyata keçirilə bilən üsullar aiddir. Epilyasiya isə xüsusi alətlər vasitəsilə həyata keçirildiyi üçün proses zamanı daha çox təcrübəli mütəxxəssisin varlığına ehtiyac duyulur. Ancaq son vaxtlar firmalar bunun üzərində də düşünürlər. Belə ki, artıq evdə istifadə üçün yaradılmış lazer epilyasiyası vasitələrinin inkişaf etdirilməsi daha da sürətlənib. Bir neçə il bundan əvvəl sadəcə bir neçə belə alət tapmaq olardısa, hal-hazırda onların sayı kifayət qədərdir. Bu da seçim etmək imkanını genişləndirir. Ancaq bu cür alətlərin keyfiyyətinə və təhlükəsizliyinə nə dərəcədə güvənmək olar, bax bu hələ də sual altındadır. İstifadəsinə yeni başlanıldığı üçün uzunmüddətli istifadədə nə kimi fəsadlar yaradacağını hələ ki, bilmirik. Yenə də gələcəkdə mənim də bu cihazlardan alıb sınamaq fikrim var. Bir nöqtəyə də toxunmaqda fayda var ki, bu cihazlar o qədər əlçatmaz qiymətdə olmasa da, kifayət qədər böyük məbləğlərdə satılır. İnternet üzərində portativ epilyasiya cihazları barəsində olan rəylərin çoxu sırf sponsorlu reklam olduğu üçün güvənib sadəcə sınamaq üçün bu alətlərə bu qədər məbləğ ödəmək bir o qədər də məntiqli görünmür. Ancaq hər halda yenə də növbəti məqalələrimdə portativ epilyasiya cihazlarının müxtəlif modelləri bərada məlumat verəcəyəm.

Ümid edirəm depilyasiya və epilyasiya anlayışlarının fərqini aydın şəkildə izah edə bildim. Yaxın günlərdə ev şəraitində həyata keçirə biləcəyiniz depilyasiya üsullarını da müsbət və mənfi yönləri ilə müqayisəli şəkildə qeyd edəcəyəm.