Qadın olmağın ən yaxşı cəhətləri

Zərif cinsin nümayəndəsi olmaq bəzən nə qədər çətin olsa da, bir o qədər də gözəl cəhətləri var. Hətta bunu bir şans kimi də qəbul etmək olar. 21-ci əsrdə yaşamağımıza baxmayaraq qadın cinsinə lazımi dəyəri verməyən insanlar hələ də mövcuddur. Bu cür baxış bucağı bizə zaman-zaman çətinliklər yaratsa da, hər şey bu çətinliklərdən ibarət deyil. Əlbəttə qadın olmağın saysız hesabsız gözəllikləri var. Mən isə sadəcə ağlıma gələn ilk 12 səbəbi qeyd etdim. Siz də oxuyan zaman ağlınıza gələn səbəbləri rəylərdə qeyd edə bilərsiniz. Elə isə gəlin qadın olmağın gözəlliyinin 12 səbəbinə baxaq.

1. Keçəlləşmək kimi bir dərdimiz yoxdur. 

Bildiyiniz kimi bəzi patologiyaları çıxmaq şərtilə qadınlarda hətta çox saç tökülməsi halında belə pis görüntü yaradacaq dərəcədə keçəlləşmə baş vermir. Bu qadınlara məxsus ən şanslı cəhətlərdən biridir.

2. Kişi geyimləri geyindikdə və ya kişi ətirlərindən istifadə etdikdə heç kəs bizə pis baxmayacaq.

Bunun necə sevindirici bir hal olduğunu anlamaq üçün bir də kişilərin qadın əşyalarından, ətirlərindən və geyimlərindən istifadə etdiyini düşünün. Xanımlar isə bir-birindən gözəl boyfriend köynəklər, pencəklər, cinslər və s. geyinə, kişi ətirlərindən və əksər əşyalarından istifadə edə bilərlər.

3. Çantadan istifadə edə bilərik.

Mən düşünürəm ki, bu qadınların ən böyük şanslarından biridir. Təsəvvür edin ki, kişilərdən fərqli olaraq gün ərzində istifadə etməyə ehtiyac duya biləcəyiniz hər şeyi özünüzlə gəzdirə bilərsiniz. Bu kosmetik vasitələr, ətir, dərman, əl kremi, güzgü, yolda oxuya biləcəyiniz bir kitab, aclığınızı öldürmək üçün bir az şokolad, hətta təcili vəziyyətlər üçün kiçik bir diş fırçası belə ola bilər. Bir sözlə sanki çanta vasitəsilə evinizi kiçildilmiş formada özünüzlə hər yerə apara bilirsiniz. Bu, həqiqətən çox böyük rahatlıqdır.

4. İlk addımı atmaq kimi məcburiyyətimiz yoxdur.

Müasir dövrdə artıq qadınların da ilk addımı atması çox normal qəbul olunur. Ancaq bununla belə bu, qadınlar üçün bir məcburiyyət və ya öhdəlik deyil. Bu da ən böyük şanslarımızdan biri hesab oluna bilər. Hətta ilk addımı siz atsanız belə, cavabın müsbət olub-olmamasından asılı olmayaraq birbaşa kobud bir cavab almayacağınız bəllidir.

5. İstənilən rəngdə geyim geyinə bilərik.

Qadınların geyimində rənglər və naxışlar olduqca çeşidlidir. Kişilərdən fərqli olaraq bizim çəhrayı və ya güllü geyimlər geyinməmək kimi bir məhdudiyyətimiz yoxdur. Elə bir rəng yoxdur ki, həmin rəngdə geyim geyinmək qadınlar üçün qəbulolunmaz sayılsın. Ona görə rəngarəng geyimlərlə daim şən əhval ruhiyyədə qalmaq olar. Həmçinin təkcə rəng deyil, geyimlərdə saysız hesabsız, bir-birindən fərqli model seçiminin olması da bunun bonusu hesab oluna bilər.

6. İstədiyin peşəni və məşğuliyyəti seçə bilərsən.

Qadın olmağın bir digər gözəl cəhəti də müxtəlif incəsənət növləri ilə məşğul ola bilməkdir. Adətən, kişilər peşə seçimi edərkən onların üzərində daha çox məhdudiyyətlər qoyulur. Çox vaxt onlara müğənni, rəqqas, rəssam, vizajist, sənətçi olmağa icazə verilmir. Onlardan daha ciddi işlərlə məşğul olmaq tələb olunur. Qadınlarda isə bu məsələ daha asandır. Məsələn heç kəs səni baletlə məşğul olmaq istədiyin üçün qınamayacaq.

7. Digər həmcinslərimizə gücümüzü isbat etməyə məcbur deyilik.

Hər nə qədər qadınlar arasında da müxtəlif formalarda rəqabət olsa da, bu rəqabət fiziki şiddət və dava ilə nəticələnmir. Qadınlar, adətən, aralarındakı problemi həll edən zaman bunu fiziki üsullarla etməyə çalışmırlar.

8. Hərbi xidmətə getməmək.

İndiyədək bir çox qadından “Əgər qadınları da aparsaydılar, mən əsgər gedərdim” ifadəsini eşitsəm də, bu sözlərin səmimiyyətinə mən bir o qədər də inanmıram. Ya da onlar bu sözün mənasını bir o qədər də yaxşı dərk etməyiblər. Hərbi xidmət həm fiziki, həm də psixoloji güc tələb edir. Ən azı 1 il çətin şəraitdə ailədən uzaqda yaşamaq heç də bir qadına asan başa gəlməyəcək. Üstəlik biz bununla iş həyatına 1 il tez atılmaq şansı da əldə edirik. Ona görə əsgər getməməyimiz də bizim ən böyük şanslarımızdan biri hesab oluna bilər.

9. Ürəyinin istədiyi yeməkləri həmin andaca özün hazırlayıb yeyə bilərsən.

Yemək bişirə bilmək təkcə qadınlara məxsus bir bacarıq olmasa da, xüsusən Azərbaycanda yemək bişirməyi bacaran kişilər azlıq təşkil edir. Hətta müəyyən qədər bacarsalar da, yadlarına düşdüyü an xəmir açıb düşbərə bükəcəklərini hesab etmirəm. Ancaq qadınlar üçün bu, belə deyil. Ürəyiniz hansısa yeməyi istədikdə kiminsə hazırlamasını gözləməyə ehtiyac duymadan özünüz həmin yeməyi öz zövqünüzə uyğun şəkildə hazırlayıb yeyə bilərsiniz.

10. Kiçik şeylərdən xoşbəxt ola bilirik.

Sözsüz ki, həyat daim böyük xoşbəxtliklərdən ibarət deyil. Əgər oturub möhtəşəm bir şeyin baş verməsini gözləsək, yəqin ki, həyatımızın böyük bir hissəsi gözləməklə keçərdi. Onun əvəzinə qadınlar kiçik şeylərdən xoşbəxt ola bilirlər. Bəzən bir dəstə təbii çiçək, bəzən ev heyvanları, bəzənsə sadəcə özümüzə qulluqla məşğul olmaq, hətta gözəl çəkilmiş dırnaq boyası belə bəzən bizi çox xoşbəxt edə bilər.

11. Dünyaya yeni bir insan gətirə bilmək.

Mən də daxil olmaqla bu hissi hələ yaşamayanların onun gözəlliyini tam, olduğu kimi təxmin etməsi mümkün olmasa da, təxminimcə dünyaya yeni insan gətirmək, onun ana bətnindəki hərəkətlərini hiss etmək yəqin ki, həyatdakı ən gözəl və möcüzəvi hadisələrdən biridir.

12. Və son olaraq məncə qadın olmağın ən gözəl cəhəti heç vaxt bir qadınla ailə qurmamaqdır. 😀

Yəqin ki, bizim kimi mükəmməliyyətçi, qərarsız, əhval-ruhiyyəsi tez-tez dəyişən, həssas və heç bir vaxt heç nədən tam şəkildə razı qalmayan varlıqlara elə ancaq kişilər dözə bilərdi.

Hələlik bu qədər. Əgər maraqlı cəhətləri yadıma salsanız, yazının sonuna onları da əlavə edəcəyəm. =)