Qaşlarınızın tökülmə səbəbi bəlkə də bunlardan biridir

Sıx, səliqəli və gözəl qaşlar bütün qadınların arzusudur. Qüsursuz qaşlar gözlərin gözəlliyini ön plana çıxarır və baxışları daha ifadəli edir. Təsadüfi deyil ki, qədimdən bəri şeirlərdə belə qaşların gözəlliyindən bəhs olunur. Ancaq gözəl və sıx qaşlara sahib olmaq həmişə asan olmur. Bəzən bəzi səhvlər qaşların azalmasına səbəb olur.

Qaşların az olmasının bir neçə səbəbi var. Əvvəlcə bu problemin genetikmi, yoxsa sonradan yaranan bir problemmi olduğuna nəzər salmaq lazımdır. Bəzi insanlar uşaqlıqdan seyrək qaşlıdır, bəzilərində isə zaman keçdikcə müəyyən səbəblərdən qaşların azalması baş verir. Problem də elə sonradan baş verən qaş tökülməsidir. Bu dəfə qaşların tökülməsinin ən çox rast gəlinən səbəblərindən yazacağam. Söhbət dermatoloji, hormonal və ya digər sağlamlıq problemlərindən yox, məhz özümüzün fərqində olmadan yaratdığımız səbəblərdən gedir.Defined-Dramatic-Arch-Brow-Step4

  1. Yanlış qaş alma. Qaşların azalmasının başlıca səbəblərindən biri çox qaş almaqdır. Uzun illər ərzində qaşların alınması, xüsusən də yanlış qaş alınması qaşların vaxt keçdikcə azalmasına səbəb olur. Uzun müddət eyni hissədən qaş alındıqda zamanla həmin hissədə daha az qaş çıxmağa başlayır. Ona görə də yanlış qaş alınması, əsas da qaşları alan zaman onların öz təbii formasına müdaxilə edilməsi qaşların azalmasına səbəb olur. Mənim qaşlarım onsuz da genetik olaraq az olduğu üçün qaşlarıma forma verməyə əlavə ehtiyac olmur. Çalışıram ki, hər qaş telini saxlayıb formasını qoruyum. Qaşlarımı səliqəyə salarkən yanlış qaşı qoparmamağa çox diqqət edirəm ki, həmin hissədə boşluq yaranmasın. Və ən əsası əsla qaşlarımı bir ustaya əmanət etmirəm. Çünki yanlış qaş alınması mənim qaşlarımda geri dönüşü olmayan itkiyə səbəb ola bilər. Təəssüf ki, mənim səhvləri qəbul edəcək qədər çox qaşım yoxdur. Ancaq qaşlarınızı özünüzün səliqəyə salmağınız çox da vacib deyil, əgər bu, özünüzdə o qədər də uğurlu alınmırsa, daha yaxşı olar ki, onları təcrübəli ustalara əmanət edəsiniz. Əks halda qaşlarınızın əvvəlki gözəl formasını alması üçün uzun müddət lazım ola bilər.
  2. Yaşlanma. Yaşlanma zamanı bədəndəki bütün tüklərin və eləcə də qaşların zəifləyərək azalması baş verir. Bu zaman həm hər bir qaş telinin qalınlığı azalır, həm də onların sıxlığı. Qaşların ağarması da onların daha az görünməsinin səbəblərindən biri ola bilər.
  3. Qaş üçün nəzərdə tutulmuş dekorativ kosmetika məhsullarından yanlış istifadə. Makiyaj zamanı qaşların müxtəlif kosmetik məhsullarla səliqəyə salınması makiyajı daha gözəl və qüsursuz, gözləri isə daha gözəl göstərir. Qaşlarınızdakı boşluqları makiyaj məhsulları ilə doldurub forma verərkən hansı vasitədən istifadə etməyinizdən asılı olmayaraq onları diqqətlə və yüngülcə tətbiq etməyə diqqət edin. Məsələn qaş diblərinizə bərk sıxaraq tətbiq etdiyiniz qaş karandaşı zamanla qaşlarınızın tökülməsinə səbəb ola bilər. Əgər qaşlarınızda bu cür dolduruculardan istifadə edirsinizsə, onların qaşlarınızda çox qalmamasına da diqqət etməlisiniz. Yatmazdan qabaq mütləq qaşlarınızın dibini bu məhsullardan yaxşıca təmizləyin. Onların qaş diblərinizdə uzun müddət toplanıb qalması da qaşlarınızın tökülməsinə səbəb ola bilər.
  4. Qaşlarla çox oynamaq. Qaşlar əslində göründüyündən daha həssasdır. Bəzi insanlar fərqində olmadan gün ərzində qaşları ilə çox oynayır, onları tez-tez əli ilə düzəldir və ya qoparmağa çalışır. Bu da onların xəbəri olmadan qaşlarının azalmasına səbəb olur. Qaşlar da kirpiklər kimi belə kiçik “travma”lardan asanlıqla tökülə bilir.
  5. Stress. Bəli, stress. Adətən, bu, səbəb heç kəsin ağlına gəlmir. Necə ki, uzun müddət mən də bundan xəbərsiz olmuşam. Bir çox insanda stress keçirən zaman saçların tökülməsi baş verir. Bəzilərində isə sən demə saçlar yox, məhz qaşlar tökülürmüş. Eynilə məndə olduğu kimi. Qaşlarımın təbii halda da az olmasından əlavə mənim stress keçirdikdə də qaşlarım tökülür. Hətta qaşlarımda olan boşluqlardan stress keçirdiyimi anladığım vaxtlar belə olub. Bu zaman hətta bəzən bir qaşımın 2-3 yerində boşluq görünəcək dərəcədə qaş azalması ola bilir. Stress azaldıqda qaşlarım yenidən öz-özünə əvvəlki vəziyyətinə qayıdır. Artıq dəfələrlə sınadığım üçün bundan çox da narahat olmuram. Sadəcə qaşlarımdakı boşluqların yenidən dolması və bu halın təkrarlanmaması üçün stresdən mümkün qədər uzaq olmağa çalışıram. Qaşınızda səbəbsiz yerə boşluqlar əmələ gəldiyinin fərqinə varmısınızsa, ancaq heç cür səbəbini tapa bilmirsinizsə, siz də həmin ərəfədə stress keçirib-keçirmədiyinizə diqqət edə bilərsiniz. Ancaq stressə bağlı olan qaş tökülməsinə hamıda rast gəlinmədiyini bilməkdə də fayda var.